SƏBAİL RAYONU QADINLARININ FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Səbail rayonu qadınlarının konfransı keçirilmişdir.
Azərbaycan qadınlarının III qurultayına hazırlıq çərçivəsində keçirilən konfransda Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Sahib Ələkbərov Azərbaycanda dövlət qadın siyasətinin uğurla həyata keçirildiyini bildirmiş, qadınların ölkənin ictimai həyatında fəal iştirak etdiklərini diqqətə çatdırmışdır. Natiq Azərbaycan qadınının keçdiyi tarixi yoldan danışmış, konfransın əhəmiyyətini vurğulamışdır.
RİH başçısının müavini Xalidə Bayramova rayonda 2003-2008-ci illərdə qadınların problemlərinin həlli istiqamətində görülmüş işlər barədə məruzə etmişdir. Qeyd edilmişdir ki, 81 min 500 nəfər rayon əhalisinin 51 faizini qadınlar təşkil edir. Səbail ərazisində rəhbər vəzifələrdə çalışan qadınların sayı 81 nəfər, rayonda qeydiyyatdan keçmiş 78 QHT-nin 18-nin rəhbəri qadınlardır. Sahibkar qadınların sayı 382 nəfərə çatmışdır. Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının 20 min 431 nəfər üzvündən 12 min 74 nəfərini qadınlar təşkil edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Səbail rayonu qadınlarının ictimai-siyasi və mədəni həyatda fəaliyyətini yüksək qiymətləndirmişdir. Qarşıda duran vəzifələrdən bəhs edən natiq, xüsusilə qadın sahibkarlar üçün daha əlverişli mühitin formalaşdırılmasının zəruriliyini diqqətə çatdırmışdır.
Konfransda Azərbaycan qadınlarının III qurultayına nümayəndələr seçilmiş, rayon Ağbirçəklər Şurası yaradılmışdır.
######
