Səbail rayonunda növbəti ağacəkmə aksiyası keçirilib
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunan tədbirlər paytaxtımızın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir.
Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əlamətdar gün ərəfəsində rayonda keçirilən silsilə tədbirlər çərçivəsində ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, yeni ağaclar əkilib.
Bununla əlaqədar son ay ərzində, həftənin şənbə və bazar günlərində müxtəlif yaşayış sahələrində, o cümlədən “Şıx” ərazisində, 50 hektar sahədəki dağ massivində Səbail Rayon İcra Hakimiyyəti tərəfindən salınan “Ekoloji park”ın ərazisində ağacəkmə aksiyaları keçirilib. Ulu Öndərin doğum gününə həsr olunan növbəti genişmiqyaslı ağacəkmə aksiyasında rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yamacda salınan parkın ərazisində son bir ayda keçirilən ağacəkmə aksiyalarında kəskin dağ yamacı, böyük maillik olan ərazidə buranın landşafına və yerli iqlimə uyğun 20 min yeni Eldar şamı, oleandr və digər ağaclar əkilib.
Keçirilən aksiya zamanı həmin gün ərzində 5 min ədəd yeni ağac əkilib, əvvəl əkilmiş ağaclara qulluq göstərilib. Ümumilikdə isə ölkə başçısının tapşırıqlarına əsasən salınan “Ekoloji park”da ilin əvvəlindən etibarən əkilən ağacların sayı 80 minə çatıb.
Eyni zamanda, Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istirahət parklarında, bağlarda ictimaiyyət nümayəndələri, ayrı-ayrı istedadlı gənclərin bacarıq və istəklərinə uyğun gül və gül-kol bitkiləri əkilib. Gənclərin sərbəst qaydada fantaziyalarına uyğun müxtəlif kompozisiyalar hazırlanaraq nümayiş etdirilib.
Mərkəzdəki “Sahil bağı” güllərdən yaradılan kompozisiyalarla başdan-başa bəzədilib, parkın bütün perimetri üzrə yeni çiçəklər əkilib, qazon örtüyü yenilənib. Əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılıb, parkdakı işıq dirəkləri al-əlvan güllərdən ibarət dibçəklərlə bəzədilib. Təkcə “Sahil bağı”ndakı gül kompozisiyalarının yaradılmasına 50 min ədəd güldən istifadə olunub.