Səfir: Fransa Azərbaycan və Ermənistan liderlərinin son vaxtlar göstərdiyi cəsarətli səyləri tam dəstəkləyir
Bakı, 25 aprel, AZƏRTAC
Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının real ehtimalı var. Bu, hər iki ölkənin liderləri tərəfindən müzakirə edilib və əsas prinsiplərlə bağlı məktub mübadiləsi aparılıb. Rəsmi təmaslar baş tutub və vətəndaş cəmiyyətinin nümayəndələri də bir sıra görüşlər keçiriblər. Bu proses bizə təmkinlə nikbin olmağa imkan verir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransanın Azərbaycandakı səfiri Zakari Qros bildirib.
Səfir qeyd edib: “Bu o demək deyil ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması yaxındır. Buna nail olmaq çətin olacaq, maneələr olacaq. Rəsmi Bakı kommunikasiyaların bərpa olunması, sərhədlərin delimitasiyası, ərazi bütövlüyü və suverenlik prinsiplərinin tanınması kimi konkret məsələlərdə irəliləyiş görmək istəyir. Ermənistan rəsmiləri də onların ən ümdə maraqlarının, o cümlədən Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının nəzərə alınmasından heç də az narahat deyillər”.
Hər iki tərəfdən sülhün əleyhdarlarının olacağına şübhə olmadığını deyən Zakari Qros prosesə xələl gətirə biləcək insidentlər də ola biləcəyini istisna etməyib. Deyib ki, anlaşılmazlıqlar inamsızlığı artıra və əldə olunmuş nailiyyətləri təhlükə altında qoya bilər. Buna görə də Azərbaycan və Ermənistandakı bütün xoşməramlı insanların sülh prosesini dəstəkləməsi vacibdir.
Sülh prosesində vətəndaş cəmiyyətinin mühüm rol oynaya biləcəyini qeyd edən Fransa səfiri bildirib ki, ziyalılar, mütəfəkkirlər, rəssamlar, müəlliflər, aktyorlar, iş adamları, sadə vətəndaşlar sülh naminə çıxış edərək prosesi gücləndirə bilərlər. Sülhün əldə olunmasında xüsusilə qadınların beynəlxalq səviyyədə qəbul edilmiş mühüm rolu var.
“Fransa Avropa İttifaqı ilə birlikdə Azərbaycan və Ermənistan liderlərinin son vaxtlar göstərdiyi cəsarətli səyləri tam dəstəkləyir və sülhün bərqərar olması prosesini müşayiət etməyə hazırdır”, - deyə Zakari Qros vurğulayıb.