Şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 16 mindən çox mənzil verilib - Açıqlama VİDEO
Naxçıvan, 19 avqust, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan mühüm proqramlardan biri də bu kateqoriyalara aid vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması proqramıdır. Proqram çərçivəsində indiyədək vətəndaşlara 16 mindən çox mənzil təqdim olunub.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayev deyib.
O qeyd edib ki, proqramın davamı olaraq Naxçıvanda keçirilən tədbirdə daha 68 mənzil öz sahiblərinə təqdim olunub. Bununla yanaşı, şəhid ailələri və müharibə iştirakçıları üçün müxtəlif sosial dəstək tədbirləri də davam etdirilir. Onların yüksək texnologiyalı protezlərlə və avtomobillərlə təmin olunması, həmçinin reabilitasiya xidmətlərinə cəlb edilməsi istiqamətində işlər aparılır.
"Artıq proqram çərçivəsində 7300-dən çox vətəndaş avtomobillə təmin edilib. Bir daha əmin etmək istərdim ki, bu proqramlar bundan sonra da tam və geniş şəkildə həyata keçiriləcək", - deyə nazir müavini əlavə edib.
Müxbir- Nail Əsgərov