Şəhid Xəyal Məmmədovun xatirəsi anılıb
Füzuli, 16 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC
Torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq canını fəda edən şəhid Xəyal Məmmədovun xatirəsi Füzulidə anılıb. Şəhidin məzarı ziyarət olunub və müqəddəs amal uğrunda şəhadətə ucalan şəhidlərin şərəfli həyatından bir daha söhbət açılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Xəyal Məmmədovun anım mərasimində ailə üzvləri ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalılar iştirak ediblər.

Məmmədov Xəyal Xaliq oğlu əslən Füzuli rayonunun Qərvənd kəndindən olan və Sumqayıtda məskunlaşan məcburi köçkün ailəsində 2001-ci il fevralın 12-də dünyaya göz açıb. Xəyal yaşa dolduqca Vətən sevgisi böyüyüb. 2016-cı ildə Xəyal ailə üzvləri ilə birlikdə Zobucuq qəsəbəsində məskunlaşıb. Orta məktəb illərində Xəyal futbol və cüdo idman növləri ilə məşğul olub. 2018-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanan Xəyal bacarığı ilə seçilərək Xüsusi Təyinatlı Qüvvələr sırasında xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xəyal xüsusi təyinatlı olaraq böyük şücaət göstərib. Döyüş yolu Ağdərə-Murov istiqamətində başlayan Xəyal və döyüşçü yoldaşlarının növbəti tapşırığı Cəbrayıl-Füzuli istiqamətində olub. Xəyal bir sıra strateji məntəqələrin azad olunmasında iştirak edib. 2020-ci il oktyabrın 15-də Füzuli rayonu Qarğabazar istiqamətində gedən döyüşlər zamanı Xəyal qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Xəyal Məmmədov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğurunda”, “Cəsur döyüşçü”, "Şücaətə görə", “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.