SƏHİYYƏ NAZİRLİYİNDƏ QƏBUL
Səhiyyə naziri Əli İnsanov Türkiyə hökumət nümayəndə heyətinin tərkibində Azərbaycana gəlmiş səhiyyə naziri Osman Durmuşu qəbul etmişdir.
Əli İnsanov qonağı salamlayaraq bildirdi ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ilin fevralında Türkiyəyə rəsmi səfəri zamanı imzalanmış dövlətlərarası sazişlər çərçivəsində səhiyyə sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı fəal inkişaf edir. Türkiyə hökuməti Mərkəzi Klinik Xəstəxananın (MKX) yenidən qurulmasında və onun üçün kadrlar hazırlanmasında Azərbaycana yardım göstərmişdir. Xəstəxananın 40-dək həkimi və orta tibb işçisi Türkiyədə ixtisasartırma kursları keçmişdir, türk mütəxəssisləri MKX-də ən mürəkkəb cərrahiyyə əməliyyatları aparılmasına dəvət edilirlər. Hər il Azərbaycan Tibb Universitetinin 10 tələbəsi Türkiyənin ali məktəblərində təhsilini davam etdirməyə göndərilir. Nazir Azərbaycan səhiyyəsinin problemlərinə diqqətə görə səhiyyə işçiləri adından Türkiyə hökumətinə təşəkkür etdi.
Əli İnsanov Türkiyənin səhiyyə nazirinə Bakıda Göz Xəstəlikləri İnstitutunun tikintisinin başa çatdırılmasına və onun nəzdində açılacaq otolarinqologiya və stomatologiya klinikaları, habelə diaqnostika mərkəzi üçün kadrlar hazırlanmasına yardım göstərilməsi təklifi ilə müraciət etdi. Üç korpusda yerləşəcək institutun tikintisinə hələ SSRİ dövründə başlanmışdı və bu tibb ocağı Qafqaz və Orta Asiya respublikalarının tələbatını ödəmək üçün nəzərdə tutulmuşdu. İndiki şəraitdə institutun binasında yeni klinikalar açılması daha rentabelli olardı, belə ki, burada ən mürəkkəb cərrahiyyə əməliyyatları aparılar, müalicə Avropa standartlarına uyğun olaraq keçirilərdi. Nazir dedi ki, tikintinin başa çatdırılmasını MKX-nin yenidən qurulmasını qısa müddətdə və keyfiyyətlə həyata keçirmiş Türkiyənin “Asel” şirkəti öz üzərinə götürə bilər.
Türkiyənin səhiyyə naziri azərbaycanlı həmkarının təkliflərini bəyəndiyini bildirdi, eyni zamanda birgə Azərbaycan-Türkiyə tibb fakültəsi yaradılmasının məqsədəuyğun olduğunu da vurğuladı. Onun fikrincə, bu, Azərbaycan tələbələrinin ən yeni tibb texnologiyalarını öyrənməsində yaxşı nəticələr verər. Cənab Osman Durmuş tibb sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə əmin olduğunu vurğuladı.