“Şeir gülüstanının təkrarolunmaz çiçəyi – Sergey Yesenin”
Bakı, 22 noyabr (AZƏRTAC). Böyük rus şairi Sergey Yeseninin şeirlərinin Azərbaycan dilinə tərcüməçisi, yazıçı-publisist, pedaqoji elmlər namizədi İsaxan İsaxanlı şairin həyat və yaradıcılığının Bakı dövrünə həsr olunmuş kitabını Şərq ənənələri üslubunda belə adlandırmışdır. Xəzər Universiteti nəşriyyatında çapdan çıxmış kitab Sergey Yeseninin anadan olmasının 115 illiyinə həsr olunmuşdur.
Əbəbiyyatşünaslar bir məsələdə həmrəydirlər: Yesenin və Bakı bitib-tükənməyən bir mövzudur. Bakıya üç dəfə səfər edən şair sonuncu dəfə burada Qafqaz səyahəti zamanı - 1925-ci ilin yaz-yay mövsümündə olmuşdur. Şairin qısa ömrü müxtəlif maraqlı, bəzən ağır, hətta Yesenin yaradıcılığını araşdıran bəzi tədqiqatçıların fikrincə, mistik hadisələrlə zəngin olmuşdur. Lakin bakılılar onu qəlbən sevmiş, yolunu intizarla gözləmişlər.
Şairin “İran nəğmələri” silsiləsindən Bakıda yazdığı gözəl şeirlər Azərbaycanın qədim mətbu orqanlarından biri olan “Bakinski raboçi” qəzetinin səhifələrində dərc olunmuşdur. Qocaman mətbu orqanının o vaxtkı baş redaktoru S.Yeseninin yaxın dostu P.Çagin idi.
Kitabda şairə yaxın olan qadınlardan da danışılır. Onların bəzi cəhətləri ümumiləşdirilmiş Anna Snegina obrazında cəmləşmişdir. Eyniadlı poemanın bəzi fəsilləri məhz Bakıda yazılmış və “Bakinski raboçi” qəzetində dərc edilmişdir.
Kitabda yer almış fotoşəkil və reproduksiyalarda S.Yeseninin “Bakinski raboçi” qazetinin kollektivi, o dövrdə qəzetin redaksiyası nəzdində fəaliyyət göstərən ədəbiyyat dərnəyinin üzvləri, tanınmış Azərbaycan şairi, qəzəl ustadı Əliağa Vahidlə, görkəmli xanəndə Cabbar Qaryağdı oğlu ilə görüşləri, habelə müəllifin özünün Yeseninin ayağı dəydiyi yerlərə səyahəti əks olunmuşdur. Müəllif bu ilin yayında kitab üzərində işləyə-işləyə Yeseninin Ryazan vilayətinin Konstantinovo kəndindəki ev-muzeyində olmuş, Moskvada, Vaqankovo qəbiristanındakı məzarını ziyarət etmiş və əlbəttə ki, şairin 1925-ci ildə Mərdəkanda qonaq qaldığı bağa baş çəkmişdir.
Kitabda Azərbaycan şairlərinin müxtəlif illərdə S.Yesenin haqqında yazdıqları şeirlər, onların tərcümələri, habelə müəllifin özünün tərcümələri yer almışdır. Müxtəlif illərdə respublika dövri mətbuatında Yesenin mövzusunda rus və Azərbaycan dillərində dərc edilmiş ədəbiyyat və materialların geniş biblioqrafik siyahısı da maraq doğurur.
Kitaba ön sözü Xalq Şairi Nəriman Həsənzadə yazmışdır. O, müəllifin elmi əsərini yüksək qiymətləndirərək, onu onu Sergey Yesenin irsinin tədqiqində, Azərbaycan-rus ədəbi əlaqələrinin öyrənilməsində qiymətli töhfə adlandırmışdır.