Şəki teatrı bayram günlərində uşaqları maraqlı proqramla sevindirir
Şəki, 3 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında Yeni il bayramı münasibətilə uşaqlar üçün hazırlanmış “Qrinçin Yeni il sərgüzəşti” adlı nağıl-tamaşanın nümayişi davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rejissor Hüseyn Hüseynlinin quruluş verdiyi səhnə əsərində mağarada yaşayan Qrinçin Yeni il bayramına nifrət etməsindən, Maks adlı iti ilə bərabər Quyl kəndinin sakinlərinin bayram əhvali-ruhiyyəsini pozmaq istəməsindən bəhs olunur. Amma sonda Şaxta babanın köməyi ilə hər şey qaydasına düşür.
Tamaşanın quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Dilşad Şirinova, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Tamaşaların nümayişinə dekabrın 24-dən etibarən başlanılıb və hər gün uşaqlara 4 seans təqdim olunur. Teatrda Yeni il şənlikləri yanvarın 7-dək davam edəcək.