Şəkidə bu günədək 1831 tibb işçisi peyvənd olunub
Şəki, 4 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. İlkin mərhələdə risk qrupuna daxil olan tibb işçiləri peyvənd olunurlar.
Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, vaksinasiya kampaniyasının əvvəlindən bu günədək rayonda fəaliyyət göstərən səhiyyə müəssisələrində çalışan 1831 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.
Qurumdan verilən məlumata görə, vaksinasiya prosesinin birinci mərhələsi çərçivəsində fevralın 8-dən etibarən 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Hazırda hazırlıq prosesi gedir. Fevralın 5-dən etibarən bu yaş qrupuna aid vətəndaşlar qeydiyyatdan keçiriləcəklər.