Şəkidə quldurluq edən dəstə üzvləri saxlanılıblar
Bakı, 10 fevral, AZƏRTAC
Fevralın 3-də saat 22 radələrində Şəki rayonunun Cəfərabad kəndi ərazisində R.Muxtarzadənin idarə etdiyi şirkətlərdən birinə məxsus “Ford” markalı avtomobilin “VAZ 2106” markalı avtomobillə vurulması, həmin avtomobildən düşmüş üç nəfərin “Ford” avtomobilində sərnişin qismində əyləşən C.Kərimova küt alətlə xəsarət yetirərək içərisində 15-20 min manat pul olan çantanı aparması barədə Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzinə məlumat verilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxslərdən ikisi - Göyçay rayon sakinləri əvvəllər məhkum olunmuş 32 yaşlı Xəyal Ömərov və 37 yaşlı İlyas Abdullayev Baş Cinayət Axtarış, Baş İctimai Təhlükəsizlik, Baş Dövlət Yol Polisi idarələri, Təhlükəsiz Şəhər Xidməti, Şəki Şəhər-Rayon və Göyçay Rayon Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıb. Quldurluq nəticəsində əldə olunmuş pulun bir qismi maddi sübut kimi götürülüb. Həmçinin onların cinayət hadisəsini törədərkən istifadə etdikləri nəqliyyat vasitəsi - “VAZ 2106” markalı avtomobil də saxlanılaraq polis şöbəsinə gətirilib.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə cinayət hadisəsindən xəbərdar olmasına baxmayaraq, polisə məlumat vermədiyinə və cinayət yolu ilə əldə edilən pulun bir hissəsini aldığına görə Göyçay rayonunun Qarabaqqal kənd sakini Nicat Bəşirov da şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli bilinən digər şəxsin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.