ŞƏKİDƏ REGİONAL TURİZM İNFORMASİYA MƏRKƏZİ AÇILMIŞDIR
Mərasimi giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şəkidə turizmin inkişafı üçün geniş imkanlar olduğunu xüsusi qeyd etmiş, yeni yaradılan mərkəzin bu bölgənin, eləcə də qədim Şəkinin turizm potensialının öyrənilməsi və təbliğ olunmasında mühüm rol oynayacağını bildirmiş, mərkəzin işinə uğurlar diləmişdir.
Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların Şəkidə turizmin inkişafına böyük maraq göstərdiyini xüsusi qeyd etmiş, BMT-nin İnkişaf Proqramına uyğun olaraq Dünya Bankının həyata keçirdiyi “Cənubi Qafqazda turizmin inkişafı” layihəsi çərçivəsində artıq respublikamızda 4 turizm informasiya mərkəzinin yaradıldığını və tezliklə Lənkəran, Gəncə, Quba və Naxçıvan şəhərlərində də belə mərkəzlərin fəaliyyətə başlayacağını diqqətə çatdırmışdır.
Şəkinin bir-neçə ildən sonra Azərbaycanın turizm mərkəzinə çevriləcəyinə əminliyini bildirən nazir qeyd etmişdir ki, yeni turizm informasiya mərkəzi bu regionda turizm infrastrukturunun yaradılmasını təmin edəcək, yerlərdə turizm sahəsi üzrə mütəxəssislərin hazırlanmasına kömək göstərəcək, sahibkarları və iş adamlarını turizm bölməsinin inkişafına cəlb edəcək, bölgənin turizm potensialının geniş təbliğ olunmasını təmin edəcəkdir.
Mərasimdə BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rəhbərinin müavini Devid Eyzenberq çıxış edərək İsveçrə İnkişaf Korporasiyası və Dünya Bankının yardımı ilə həyata keçirilən turizmin inkişafı layihəsi barədə məlumat vermiş, mərkəzin yaradılmasına göstərdiyi köməyə görə rayon rəhbərliyinə və şəhər bələdiyyəsinə dərin minnətdarlığını bildirmişdir.
Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları və qonaqlar yeni mərkəzlə yaxından tanış olmuşlar.
Həmin gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəkinin tarix və mədəniyyət abidələrinə, o cümlədən Xan sarayına, Tarix-diyarşünaslıq və Xalq tətbiqi sənəti muzeylərinə, Mirzə Fətəli Axundovun ev muzeyinə, Şəkixanovların yaşadığı evə, Aşağı Karvansara abidə-kompleksinə, Qafqaz Albaniyasının ən qədim memarlıq abidəsi sayılan Kiş məbədinə baş çəkmiş, Sabit Rəhman adına Dövlət Dram Teatrının və Nakam adına mərkəzi kitabxananın binası ilə yaxından tanış olmuşdur. Xan sarayında aparılan bərpa işlərini yüksək qiymətləndirən nazir Əbülfəs Qarayev gələcəkdə digər muzey və tarixi abidələrdə də, həmçinin təmirə xüsusi ehtiyacı olan mədəniyyət obyektlərində də bərpa və əsaslı təmir işlərinə başlanılacağını bildirmişdir.