Şəkidə yanğınlara qarşı qabaqlayıcı tədbirlərə dair regional müşavirə keçirilib
Şəki, 25 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 25-də Şəki Şəhər İcra Hakimiyyətində yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması məqsədilə regional müşavirə keçirilib. Müşavirədə Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Kənd Təsərrüfatı, Ədliyyə nazirliklərinin, Baş Prokurorluğun, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəriqaz” İB-nin məsul nümayəndələri, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Göyçay və Ağdaş rayon icra hakimiyyəti başçılarının müavinləri, inzibati ərazi dairə nümayəndəliklərinin, bələdiyyələrin təmsilçiləri, fermerlər iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, müşavirəni Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, rayonda yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən işlər, həyata keçirilən qabaqlayıcı tədbirlər barədə məlumat verib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxış edərək, ölkə ərazisində baş verən yanğın hadisələri və onların ekoloji mühitə vurduğu zərər barədə danışıb, yanğınlara qarşı qabaqlayıcı tədbirlərin aparılmasında istifadə olunan üsullar və onların əhəmiyyəti barədə fikirlərini bildirib, qarşıda duran vəzifələrdən söz açıb.
Regional müşavirədə, həmçinin Fövqəladə Hallar Nazirliyinin Yanğın Nəzarəti Xidmətinin rəis müavini Aqşin Kazımov, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mohuma Heraçıyev və başqaları mövzu ilə bağlı çıxış ediblər.