Şəkili fermerlər istixana şəraitində şitil istehsalının təşkili ilə bağlı maarifləndiriliblər
Şəki, 13 mart, Mustafa Dadaşov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi yazlıq əkinlərlə məşğul olan fermerlərə “Yazlıq bitkilər (tütün, tərəvəz) üçün istixana şəraitində şitil istehsalının təşkili, qida rejiminin tənzimlənməsi, xəstəlik və zərərvericilərə qarşı profilaktiki tədbirlərin görülməsi” mövzusunda təlimlər keçirir.
Regional Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzin istixanasında keçirilən təlimdə torpaq mülkiyyətçilərinə şitilliklərin hazırlanması, toxumların seçilməsi, səpinə hazırlıq, qida rejiminin tənzimlənməsi nəzərə alınmaqla səpinin aparılma qaydaları, istixanada şitillərə qulluq edilməsi, keyfiyyətli və sağlam şitil əldə etmək üçün temperatur və rütubət rejiminin normalara uyğun tənzimlənməsinin və gübrələrdən düzgün istifadə olunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, bu qaydalara düzgün əməl edilmədikdə şitillərdə fuzarioz mənşəli xəstəliklər (kök və kök boğazının çürüməsi) müşahidə oluna bilər. Fermerlər, eyni zamanda, şitillikdə mövcud ola biləcək zərərvericilər (danadişi, qarışqa) və onlarla mübarizə aparmaq qaydaları barədə də maarifləndiriliblər.
Təlim prosesində mərkəzin mütəxəssisləri tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb.