Şəkinin mədəniyyət işçiləri Ramazan bayramı ərəfəsində şəhid ailələrinə və qazilərə baş çəkiblər
Şəki, 7 may, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Regional Mədəniyyət İdarəsinin strukturuna daxil olan mədəniyyət müəssisələrinin kollektivləri torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrini, eləcə də döyüşlər zamanı yaralanan qaziləri mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Müqəddəs Ramazan bayramı ərəfəsində Şəki Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin rəhbər şəxsləri və əməkdaşları şanlı Zəfərlə başa çatan Vətən müharibəsində canlarını qurban vermiş igid oğulların məzarlarını ziyarət edib, şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra Regional İdarənin rəhbərliyi şəhid ailə üzvləri və müharibə qaziləri ilə görüşüb, Ramazan bayramı münasibətilə onlara bayram sovqatı təqdim edib.
Görüşlərdə Regional İdarənin rəisi Mirvari Zeynalova 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanması, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlar barədə danışıb, şəhid ailələrinin, müharibə qaziləri və iştirakçılarının daim dövlət qayğısı ilə əhatə olunduğunu vurğulayıb.
Regional İdarədən bildirilib ki, Ramazan bayramı münasibətilə xeyriyyə tədbirləri növbəti günlərdə də davam etdiriləcək.