SİYASƏT
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı” mövzusunda seminar işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, seminarda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişaf etdirilməsi məsələsi müzakirə olunub.
BMT-nin İstanbul Regional Mərkəzində korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyi üzrə regional məsləhətçi İrakli Kotetişvilinin moderatorluğu ilə keçən seminarda çıxış edən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov Azərbaycanda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib. O bildirib ki, korrupsiyaya və onun mənfi təzahürlərinə qarşı mübarizə məsələləri müasir dövrümüzün ən aktual problemlərindən biridir. Korrupsiyaya və onun törətdiyi mənfi nəticələrə qarşı səmərəli mübarizə olmadan ictimai rifah, vətəndaş məmnuniyyəti və dayanıqlı inkişafdan danışmaq mümkün deyil. Ənənəvi antikorrupsiya tədbirləri həyata keçirmək üçün güclü siyasi iradə, ixtisaslaşmış təsisatlar olmalıdır və bu istiqamətdə fəaliyyətlər əlaqələndirilməlidir.
Tədbirdə çıxış edən müxtəlif ölkələrin nümayəndələri öz ölkələrində DİM-in tətbiqi, ölçülməsi, monitorinqi, o cümlədən onun korrupsiyaya qarşı mübarizə ilə bağlı məqsədlərinə dair məsələlərdən danışıblar. Onlar dövlət idarəçiliyində korrupsiyanın qarşısının alınması istiqamətində uğurlu təcrübə mübadiləsi aparmaq məqsədilə vasitələr təklif ediblər.
Seminar çərçivəsində “Bütün formalarda korrupsiya və rüşvətxorluğu əhəmiyyətli dərəcədə azaltmaq”, “Hər səviyyədə effektiv, məsuliyyətli və şəffaf dövlət qurumların inkişaf etdirilməsi”, “Hər səviyyədə operativ, inklüziv, iştirakçı və təqdim oluna biləcək qərarların verilməsini təmin etmək”, “İctimai informasiyaya əlçatanlığı təmin etmək” mövzularda keçirilən sessiyalarda müzakirələr aparılıb, suallar cavablandırılıb.