SƏMƏRQƏNDDƏ “MİRZƏ ULUQBƏYİN DÜNYA ELMİNİN İNKİŞAFINA TÖHFƏLƏRİ” ADLI BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Səmərqənd, 16 iyun (AZƏRTAC). Səmərqənddə Özbəkistan Prezidenti İslam Kərimovun, respublika Elmlər Akademiyası və Xarici İşlər Nazirliyinin, ölkənin YUNESKO işləri üzrə Milli Komissiyasının, Səmərqənddəki YUNESKO Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun təşəbbüsü ilə “Mirzə Uluqbəyin dünya elminin inkişafına töhfələri” adlı Beynəlxalq elmi konfrans keçirilmişdir.
Türkiyə, Fransa, İtaliya, Rusiya, Yaponiya, Çin, İran, Hindistan, Banqladeş və digər ölkələrdən gəlmiş alimlərin, Daşkənddə fəaliyyət göstərən səfirlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmiz Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Elçin Babayevlə təmsil olunmuşdu.
Konfrans iştirakçıları əvvəlcə Mirzə Uluqbəyin abidəsi önünə çiçək dəstələri qoymuş, Uluqbəy rəsədxanası və Uluqbəy muzeyinin eksponatları ilə tanış olmuş, Şaxi Zinda, Qur Əmir, Registan və digər abidə-komplekslərə baxmışlar.
Tədbiri Özbəkistan Elmlər Akademiyasının prezidenti Ş.Salixov açmış, özbək xalqının zəngin elmi və mədəni potensialı haqında məlumat vermiş, Mirzə Uluqbəyi dövlət xadimi və alim kimi xarakterizə etmiş, onun dünya elminin inkişafına verdiyi töhfələr haqqında danışmış, alimin astronomik cədvəli haqqında söhbət açmışdır.
Çıxış edənlər bildirmişlər ki, o dövrdə Mirzə Uluqbəyin yaratdığı elmi məktəb akademiya səviyyəsinə qədər yüksəlmişdi və burada 200-dən artıq alim çalışırdı. Deyilmişdir ki, Uluqbəyin hesablamalarına görə, ulduz ili 365 gün 6 saat 10 dəqiqə 8 saniyədir. Müasir dəqiq cihazlarla hesablamalardan sonra məlum olmuşdur ki, ulduz ili 365 gün 6 saat 9 dəqiqə 6 saniyədir.
Elçin Babayev öz çıxışında bildirmişdir ki, Mirzə Uluqbəyin tərtib etdiyi cədvəl və digər elmi işləri dünya elminin inkişafına böyük töhfələr vermişdir.
Konfrans çərçivəsində iştirakçılar Səmərqənddəki Uluqbəy mədrəsəsində Teymurilər dövrünün tarixinə aid təşkil edilmiş sərgiyə də maraqla tamaşa etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd