Şəmkirdə bağçadan oğurluq edən şəxs saxlanılıb
Şəmkir, 8 fevral, Rauf Hacıyev, AZƏRTAC
Şəmkir rayon Aşağı Seyfəli kəndində yerləşən körpələr evi-uşaq tərbiyə müəssisəsində oğurluq hadisəsi baş verib. Müəssisə rəhbərliyi rayon polis şöbəsinə müraciət edərək bildirib ki, gecə naməlum şəxs və ya şəxslər gizli yolla daxil olaraq bağçadan 2 kompüter, 2 DVD və digər qiymətli əşyaları oğurlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü, Aşağı Seyfəli kənd sakini Mahir Qurbanov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oğurlanan əşyalar həmin ünvanda aşkarlanaraq istintaqa təhvil verilib.
İlkin dindirmə zamanı o, törətdiyi hadisəni etiraf edib və ifadəsində hadisə vaxtı sərxoş olduğunu bildirib. M.Qurbanov törətdiyi əməldən peşman olduğunu deyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.