Şəmkirdə “Şahin” hərbi-idman oyunlarının zona yarışları davam edir
Şəmkir, 10 mart, Famil Quliyev, AZƏRTAC
Şəmkirdə “Şahin” hərbi-idman oyunlarının zona yarışları davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Könüllü kənd 1 saylı tam orta məktəbində keçirilən hərbi idman oyunlarının növbəti zona yarışına kənd məktəblilərindən ibarət 11 komanda qatılıb.
Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov qeyd edib ki, “Şahin” hərbi-idman oyunun keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və məktəblilərin ordu sıralarına hazırlanmasına kömək göstərməkdir.
Sonra zona yarışlarına start verilib.
Gərgin mübarizə şəraitində keçən zona yarışmasında I yerə Könüllü kənd 1 saylı tam orta məktəbin komandası, II yerə Yuxarı Seyfəli kənd tam orta məktəbin komandası, III yerə Abbaslı kənd 1 saylı tam orta məktəbin komandası layiq görülüb.
Könüllü kənd 1 saylı tam orta məktəbin komandası martın 16-da Şəmkir şəhərindəki N saylı hərbi hissədə keçiriləcək rayon birinciliyinə vəsiqə qazanıb.
Zona yarışmaları davam edir. Yarışmaların qalibi olacaq 6 komanda rayon birinciliyinə vəsiqə qazanacaq.