İQTİSADİYYAT
Sənayedə qeyri-dövlət sektorunun payı 88,5 faiz olub
Bakı, 27 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2,1 faiz artaraq 42,2 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 0,6 faiz, sənayenin qeyri-neft-qaz sektorunda isə 11,5 faiz artıb. Sənaye məhsulunun 75,7 faizi mədənçıxarma, 20,4 faizi emal, 3,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 88,5 faiz olub. Ümumi istehsalın 94,2 faizi sənaye məhsullarının istehsalı, 5,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. 2022-ci ilin yanvar-iyun aylarında 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə uzunmüddətli istifadədə olan istehlak mallarının istehsalı 59,6 faiz, istehsal vasitələrinin istehsalı 24,1 faiz, qısamüddətli istifadədə olan malların 5,6 faiz, aralıq istehlak məhsullarının və enerji məhsullarının istehsalının hər biri 1,6 faiz artıb. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyulun 1-nə 899,2 milyon manatlıq hazır məhsul olub. Ehtiyatların 41,7 faizi Bakı, 28,1 faizi Sumqayıt, 4,5 faizi Şirvan, 4,5 faizi Gəncə şəhərlərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, qalan hissəsi isə digər şəhər və rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 83,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.