SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
“Tədqiqatlar və mütəxəssislər fondu yaradılması haqqında” Azərbaycan Respublikasının hökuməti ilə Almaniya Federativ Respublikasının hökuməti arasında sazişi, “Sovet Sosialist Respublikaları İttifaqı ilə Almaniya Federativ Respublikası arasında bağlanmış müqavilələrin qüvvədə qalması haqqında” Azərbaycan Respublikasının hökuməti ilə Almaniya Federativ Respublikasının Hökuməti arasında protokolu, “Təcili yardım - Bakı hava limanı” layihəsi üzrə maliyyə əməkdaşlığı haqqında” Azərbaycan Respublikasının Hökuməti ilə Almaniya Federativ Respublikasının Hökuməti arasında sazişi Azərbaycan Respublikası tərəfindən Baş nazirin birinci müavini Artur Rasizadə, xarici işlər naziri Həsən Həsənov, Almaniya tərəfindən Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin dövlət katibi Viqhard Herdtl, federal xarici işlər naziri Klaus Kinkel imzaladılar.
Çıxış edən Klaus Kinkel bu mərasimdə Prezident Heydər Əliyevin iştirak etməsindən şərəf duyduqlarını bildirdi, imzalanmış mühüm sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynayacağına əmin olduğunu söylədi. O, Almaniya-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsi barədə xoş arzularını bildirdi.
İki ölkə arasında əməkdaşlığın daha da sıxlaşdırılması üçün imzalanan sənədlərin yaxşı zəmin olduğunu vurğulayan Prezident Heydər Əliyev AFR-ə rəsmi səfəri zamanı ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Federal Prezident Roman Hersoq, federal kansler Helmut Kol və xarici işlər naziri Klaus Kinkel ilə apardığı danışıqların, Bundestaqda keçirdiyi görüşlərin ölkələrimizin münasibətlərinin daha da sıxlaşdırılmasında mühüm rol oynayacağını vurğuladı. Dövlətimizin başçısı Almaniya-Azərbaycan dostluğuna bundan sonra da uğurlar arzuladı.