Sərdar Ünsal: Azərbaycan Ordusunun qazandığı parlaq hərbi qələbə sayəsində başımız ucadır
Ankara, 9 oktyabr, AZƏRTAC
Qarabağ zəfəri qürur və iftixarımızdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı parlaq hərbi qələbə sayəsində başımız ucadır, hər kəsin gözünə qürurla baxa bilirik. Otuz illik işğal bizə çox acılar yaşatdı. Bu yaranı qəlbimizdən silən şəhid və qazilərimizə sonadək borcluyuq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri, yazıçı-publisist Sərdar Ünsal ifadə edib. O bildirib ki, qəhrəman Azərbaycan Ordusu Ermənistanın təcavüzkar siyasətinə son qoymaqla beynəlxalq hüququ bərpa edərək Azərbaycan xalqının hüquqlarını təmin edib.
Qırx dörd günlük Vətən savaşında Türkiyənin ölkəmizə göstərdiyi siyasi-mənəvi dəstəyi əsl qardaşlıq nümunəsi kimi dəyərləndirən yazıçı-publisist deyib: “Çox sevinirik ki, 1990-cı illərdən başlayan işğal aradan qaldırıldı və bu problem gələcək nəsillərə qalmadı. Fəxr edirik ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulmasının şahidi olduq və bu gözəl günləri Azərbaycan xalqı ilə birlikdə yaşadıq. Türkiyədə bitib-tükənməyən Azərbaycan məhəbbəti həyatımızın amalıdır. Bunu və Azərbaycanda Türkiyəyə olan sevgini gördükcə daha da qürurlanırıq”.
Ermənistandakı bəzi revanşist cəhdlərə toxunan tədqiqatçı deyib ki, işğalçı Ermənistan biabırçı məğlubiyyətindən birdəfəlik dərs götürüb mehriban qonşuluq yolunu tutmalıdır. Əks halda, işğalçı niyyətin sonu bu dövlətin birdəfəlik məhvinə gətirib çıxarar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara