Sergey Karyakin: Dostum Vüqar Həşimova həsr olunan turnirdə iştirak etməyə bilməzdim
Bakı, 24 iyun, AZƏRTAC
Şahmat tacına iddiaçı, rusiyalı qrossmeyster Sergey Karyakin Vüqar Həşimov Memorialında iştirakı və Şəmkirdəki superturnirin təşkili barədə danışıb.
- Siz Şəmkirdə keçirilən superturnirdə iştirak etdiniz. Dördüncü yer ən yaxşı nəticə deyil.
- Bilirsiniz, uzun müddətdir ki, şahmat aləmindəyəm, 12 yaşından bu işin peşəkarıyam. Odur ki, məncə, bu və ya digər yarışmaya necə yanaşmaq lazım olduğunu bilirəm. Şəmkir yaxşı yerdir, təşkilatçılıq super səviyyədədir, elə tərkib də yaxşıdır. Həm də bu, dostum Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdir. İştirak təklifini qəbul etdim, başqa cür ola bilməzdi. Amma “+1” toplayıb, enerjimə qənaət etmək qərarına gəldim. Birinci mükafatı qazanmaq niyyətim yox idi. Axı bütün gücümü indi göstərə bilmərəm. Bir az təmkinli olmaq, yenilikləri noyabr ayınadək gizli saxlamaq lazımdır.
- Amma Şəmkirdə sekundantınız Şəhriyar Məmmədyarov qalib gəldi...
- Bilirsiniz, buna hədsiz sevinirəm. Demək olar ki, hər axşam Şəhriyarla gəzintiyə çıxırdıq. Xeyli söhbətimiz oldu, məni yerli mətbəxlə tanış etdi, dadlı Azərbaycan çayından doyunca içdik. Şəhriyarın göstərdiyi nəticə fenomenaldır: ard-arda üç qalibiyyət və Fabiano Karuana ilə görüşdə tay-brek qələbəsi. Üstəlik liderlər və birbaşa rəqiblər olan Aniş Giri və Fabiano Karuananın öhdəsindən gəldi.
- Yəni Şəmkir müsbət emosiyalar doğurdu?
- Şübhəsiz. Turnir ənənəvi olarsa, bura tez-tez gələcəyəm.