Sərhəd-keçid məntəqəsinin qurulması Qarabağdakı ermənilərin silahlanmasının qarşısını alacaq – Rəy
Bakı, 24 aprel, AZƏRTAC
Ermənistan-Azərbaycan şərti dövlət sərhədi istiqamətində sərhəd-keçid məntəqəsinin qurulması, ilk növbədə tarixi hadisədir. Azərbaycanla Ermənistan arasında bu günə qədər heç vaxt sərhəd-keçid məntəqəsi yaradılmayıb. Bu, ilk hadisədir. Özü də hazırkı gərgin vəziyyətdə və Ermənistanın Qarabağdakı separatçılara davamlı silah-sursat təchizatı ilə məşğul olduğu dövrdə belə addımın atılması ərazilərimizin təhlükəsizliyinin təmin olunmasıdır. Yəni, birbaşa Qarabağdakı ermənilərin silahlanmasının qarşısının alınması məqsədi daşıyır. Ermənistandan Qarabağa gedən avtomobillərə, yük maşınlarına nəzarət edilməsi, onlara baxışların aparılması məqsədi daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli bildirib.
O deyib ki, ikinci məsələ isə psixolojı məsələdir. Bu hadisə Ermənistanda çox ciddi narahatlıqla qarşılanıb. Qarabağdakı separatçı ermənilər tərəfindən isə ikiqat artıq narahatlıq doğurub. Çünki artıq həm Ermənistan hakimiyyəti, həm separatizmi dəstəkləyən erməni silahlıları və təşkilatları, cinayətkar qruplar vəziyyətin köklü şəkildə dəyişdiyinin şahidi oldular. Çünki bu günədək Azərbaycanın səsləndirdiyi rəsmi fikirlərə məhəl qoyulmurdu.
Üçüncü amil isə Azərbaycanın siyasi iradə nümayiş etdirməsidir. Bu siyasi iradə həm Ermənistana, həm Qarabağdakı separatçılara, həmçinin təcavüzkarı dəstəkləyən ölkələrə, paralel olaraq münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını üzərinə götürən Rusiya Federasiyasına və Avropa İttifaqına yönələn mesaj idi. Bundan sonra Azərbaycanın artıq bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər daha ciddi qəbul olunacaq.
Hərbi şərhçinin sözlərinə görə, son yeddi-səkkiz ayda Azərbaycan dəfələrlə Laçın yolunda nəzarəti gücləndirəcəyini bəyan etsə də, həm Ermənistan, həm də bu prosesdə iştirak edən vasitəçilər tərəfindən məsələyə fərqli formada baxılırdı, hətta ciddi yanaşılmırdı. Azərbaycan artıq sübuta yetirdi ki, öz ərazisini tamamilə nəzarət altında saxlamaq imkanına malikdir. Paralel olaraq, Ermənistan-Azərbaycan şərti dövlət sərhədi istiqamətindəki Azərbaycanın Kəlbəcər və Laçın rayonlarında, digər sərhəd zolaqlarında da Dövlət Sərhəd Xidmətinin fəaliyyəti gücləndiriləcək. Bunun nəticəsində Ermənistanın qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə qanunsuz hərbi avadanlıqların keçidi və separatçıların gediş-gəlişi məhdudlaşdırılacaq.
“Bu hadisə, hesab edirəm ki, danışıqlar prosesində yeni bir dövrün başlanğıcı olacaq. Sərhəd-keçid məntəqəsinin qurulması Ermənistan ilə Azərbaycan arasında aparılan danışıqların yeni dövrün başlanğıcı olacaq. Düşünürəm ki, bu geniş və qlobal mənada da həmin prosesə fayda verəcək”, - deyə R.Məmmədli vurğulayıb.