Sərhəddə təxribatın törədilməsi Ermənistanın sülh müqaviləsindən yayınmaq cəhdidir – AÇIQLAMA
Bakı, 7 sentyabr, AZƏRTAC
Ermənilərin təxribatlar törətməsi, sərhəddə atəşkəsin pozulma coğrafiyasının genişlənməsinin əsas səbəbi Ermənistanın sülh müqaviləsindən yayınmaq cəhdidir. Onlar bunun üçün yeganə yolu mövcud vəziyyəti daha da gərginləşdirməkdə görürlər.
Bunu ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov AZƏRTAC-a müsahibəsində deyib.
Hərbi ekspert hazırda beynəlxalq səviyyədə sülh müqaviləsinin müzakirə olunmadığını bildirib: “Sərhəddə törədilən təxribatların sayının artması sülh müqaviləsinin müzakirə olunması baxımından böyük problem yaradır. Rusiya, Fransa, ABŞ kimi dövlətlər beynəlxalq platformalarda məsələnin həllinin vacibliyini vurğulasalar da, həmin istiqamətdə heç bir addım atmırlar. Vəziyyətin gərginləşməsində digər faktor isə Rusiyanın Qərbə nümayiş etdirdiyi “güc” tamaşasıdır”.
Ehtiyatda olan polkovnik qeyd edib ki, hazırda Qarabağda bir çox dünya dövlətlərinin maraqları toqquşur. Baş nazir Nikol Paşinyan da daxil olmaqla, Ermənistanın bütün dövlət başçıları müstəqil qərar qəbul etmək ixtiyarına malik deyillər. Onları digər qüvvələr idarə edir və həmin istiqamətdə addımlar atırlar. Məhz bu səbəbdən Nikol Paşinyanın çıxışları hər gün fərqli fikrə qulluq edir. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən dövlətlərdən biri də Rusiyadır. “Baxmayaraq ki, Rusiya Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edib. Ancaq o, Qarabağdakı vəziyyəti gərgin saxlamaqla Azərbaycanın daxili işlərinə qarışmaq istəyir. Şimal qonşumuz birmənalı şəkildə Qarabağdan Azərbaycana təsir mexanizmi kimi istifadə edir. Qarabağda gedən bütün proseslər böyük dövlətlərin regionda olan maraqlarının nəticəsidir. Ermənistan isə həmin dövlətlərdən öz mənfəətləri üçün istifadə edir. Lakin onlar Müzəffər Ali Baş Komanda İlham Əliyev və Azərbaycanın rəşadətli Ordusunun gücünü unutmamalıdırlar. Ordumuz yarana biləcək hər hansı təxribata adekvat cavab verməyə qadirdir. Bütün bunların hamısını bölgədə təxribat əmirini verən şəxslər və erməni xalqı da bilir”, - deyə Şair Ramaldanov vurğulayıb.