Şərur, Ordubad və Kəngərli rayonlarının uşaq və yeniyetmələri arasında mantu sınağı aparılıb
Naxçıvan, 23 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən noyabrın 15-dən uşaq və yeniyetmələr arasında kütləvi tuberkulin diaqnostikasına başlanılıb. Qrafik əsasında Şərur, Ordubad və Kəngərli rayonlarında mantu sınağı aparılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən 1-6-cı sinif şagirdləri arasında həyata keçirilən mantu sınağı növbəti dəfə Şərur rayonundakı Mahmudkənd tam orta məktəbində aparılıb. Məktəbin şagirdləri arasında aparılan müayinə 194 uşağı əhatə edib. Kəngərli rayonunun Qıvraq, Xok və Qarabağlar kənd tam orta məktəblərində aparılan tibbi yoxlamalara isə ümumilikdə, 957 uşaq cəlb olunub.
Tuberkulin diaqnostikasının daha bir ünvanı Ordubad rayonunun Dəstə kənd tam orta məktəbi olub. Sözügedən təhsil ocağında aparılan müayinələr 230 uşağı əhatə edib.
Sınağın nəticələri 72 saatdan sonra qiymətləndirilir və Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə, Ağciyər Xəstəlikləri Dispanserinə bu barədə məlumat verilir. Nəticələr qiymətləndirilərkən şübhəli və müsbət reaksiyalı uşaqlara rast gəlinərsə, onlar Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində dərin fitiziatr müayinəsinə, eləcə də ehtiyac olduğu halda müalicəyə cəlb olunacaqlar.
Qeyd edək ki, muxtar respublikada uşaq və yeniyetmələr arasında kütləvi tuberkulin diaqnostikası dekabrın 15-dək davam etdiriləcək.