SƏUDİYYƏ ƏRƏBİSTANINDA GÖRÜŞ
Azərbaycanin Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslı bu ölkənin islam məsələləri, vəqflər və çağırış üzrə naziri Saleh bin Əbdüləziz bin İbrahim Əl Şeyxlə görüşmüşdür. Səfirlikdən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, dostluq və mehribanlıq şəraitində keçən görüşdə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında humanitar və dini sahələrdəki əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Azərbaycan diplomatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin 160 azərbaycanlı zəvvarın İki Müqəddəs Ocağın xadimi, kral Fəhd bin Əbdüləzizin qonağı sifəti ilə Səudiyyə Ərəbistanına dəvət olunması barədə Krala müraciət göndərdiyi barədə nazirə məlumat verərək, müraciətin dəstəklənməsini xahiş etdiyini bildirmişdir. Səfir nazirin diqqətini Azərbaycanda İslam dünyasının problemləri ilə yaxından tanış olan alimlərin fəaliyyət göstərdiyinə cəlb edərək, onların bu sahədəki biliyindən istifadə olunmasının həm Azərbaycan, həm də Səudiyyə Ərəbistanı üçün faydalı ola biləcəyini vurğulamış və bu istiqamətdə hər şeydən əvvəl, İslam dünyası problemləri haqqında birgə araşdırmaların və tədqiqatların nəşr edilməsinin məqsədəuyğunluğunu qeyd etmişdir. Nazir öz növbəsində Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasındakı münasibətləri yüksək qiymətləndirərək, mövcud əməkdaşlığın daha da genişləndirilməsi naminə hər iki tərəfin səylərinin artırılması zəruriyyətini vurğulamışdır. O, Azərbaycan tərəfinin təkliflərinin hərtərəfli öyrənilib, müsbət həll olunmasına səy göstərəcəyini bildirmişdir.