Seulda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
Seul, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Koreya Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Koreyanın ictimai-siyasi xadimlərinin, yerli kütləvi informasiya vasitələrinin və nüfuzlu şirkətlərin nümayəndələrinin, bir sıra ali təhsil ocaqlarının professor və müəllim heyətinin, QHT nümayəndələrinin, həmçinin “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvlərinin iştirak etdikləri mərasimdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səfirliyin ikinci katibi Toğrul Əliyev 20 Yanvar faciəsinin tarixi, səbəbləri və nəticələri barədə təqdimatla çıxış edib. Keçmiş SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər olayların digər ölkələrdə də törədildiyi qeyd edilib. Vurğulanıb ki, miqyasına və qəddarlığına görə ən dəhşətli cinayətin məhz Azərbaycanda törədilməsinə baxmayaraq, bu təcavüz xalqımızın iradəsini və milli-azadlıq ruhunu qıra bilmədi.
Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov 1990-cı il 20 yanvar gününün tariximizdə həm hüzn, həm də qəhrəmanlıq səhifəsi olduğunu, dünya ictimaiyyətinin azadlıq uğrunda mübarizədə xalqımızın sarsılmaz iradəsinin şahidi olduğunu qeyd edib.
R.Teymurov bir çox xalqların tarixində olduğu kimi Koreya xalqının müstəqillik tarixində baş vermiş hadisələrlə paralellər apararaq, Sovet İttifaqının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyəti haqda geniş məlumat verib. O, belə faciələrin təkrarlanmaması üçün tarixin unudulmamasının və tarixdən dərs alınmasının vacibliyini bildirib.
Sonra R.Teymurov qonaqların 20 Yanvarla bağlı suallarını cavablandırıb.
Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş qısametrajlı videoçarx və fotolar nümayiş etdirilib, iştirakçılara faciə ilə bağlı nəşrlər paylanılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul