Sevil Zülfüqarova: 15 iyun xalqımızın çoxəsrlik tarixində taleyüklü siyasi hadisədir
Bakı, 12 iyun, AZƏRTAC
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
Həmin gün - 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü göstərir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu Öndər milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunmağa başladı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Mərkəzi Elmi Kitabxananın direktoru Sevil Zülfüqarova söyləyib. O bildirib ki, Mərkəzi Elmi Kitabxananın fəaliyyətinin əsas istiqamətlərindən biri də dahi şəxsiyyət Heydər Əliyev irsinin təbliğidir. Bu məqsədlə kitabxanada Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi fəaliyyətə başlayıb. AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanaya gələrək şöbədə yaradılmış şəraitlə yaxından tanış olub. Kitabxana rəhbərliyi ilə görüş keçirən akademik İsa Həbibbəyli Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomen olduğunu qeyd edərək Ulu Öndərin irsini gələcək nəsillərə ötürməyi hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb.
Şöbənin başlıca məqsədi Heydər Əliyevin xalqımıza əbədi miras qoyduğu milli-mənəvi sərvət sayılan irsini toplamaq, elektron versiyasını hazırlayaraq yerli və dünya oxucularına təqdim etməkdir.