Sevinc Hacıyeva: Atamın müqəddəs xatirəsinə göstərilən ehtiram hamımızda məmnunluq doğurur
Bakı, 30 yanvar, AZƏRTAC
Haqqın öz yerini tutması, ədalətin zəfər çalması həmişə razılıq və xoş hisslər doğurur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına edilən dəyişikliklər və hərbi qulluqçıların vərəsələri ilə Prezident Sarayında keçirdiyi görüşdəki çıxışı bu sahədə haqqın, ədalətin öz yerini tutması, torpaqlarımızın ərazi bütövlüyü uğrunda qurban gedən Vətən müdafiəçilərinə verilən çox böyük dəyər, onların xatirəsinə göstərilən yüksək ehtiram kimi dəyərləndirilir.
“1993-cü il martın 3-də Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olan atam Şakir Hacıyevin əziz xatirəsinə göstərilən ehtiram nümunəsi qəlbimizi iftixar hissi ilə doldurdu”, - deyə mərhum döyüşçünün qızı Sevinc Hacıyeva AZƏRTAC-ın müxbirinə bildirib: “Anam da, qardaş-bacım da bu duyğusal münasibətə görə çox mütəəssir olublar. Mən də Prezident Sarayında keçirilən həmin görüşün iştirakçısıyam. Doğrudan da şəhidlər ölmürlər, onların əməlləri, yolunda qurban getdikləri amallar həmişə yaşayır. Doğulandan beşiyə qədər adı səninlə qoşa çəkilən, qanı damarlarında çağlayan, nəfəsini, ruhunu həmişə yanında hiss etdiyim atamın nakam taleyi, şəhidliyə qovuşan ömrü kimi biganə qoya bilər ki? Əlbəttə, ana vətənimiz uğrunda şəhid olanlara, onların ailə üzvlərinə göstərilən münasibətdən çox məmnunuq. Bu, yalnız mənim yox, bütün ailə üzvlərimizin fikridir.
Hər dəfə adı anılanda, hər dəfə ailə məclislərində, qohum-qardaş bir yerə yığılanda onunla bağlı xatirələr danışılanda elə bilirik ki, atam təzədən qayıdır, bizi qolları arasına alıb bağrına basır, məhrəm və doğma əli saçımızı sığal çəkir. Prezident Sarayında keçirilən görüş zamanı mənim atamla, onun müqəddəs ruhu ilə növbəti görüşüm oldu. Dövlət başçısı İlham Əliyev Azərbaycan torpaqlarının qorunması uğrunda canını fəda edən şəhidlər haqqında danışdıqca atamın əziz xatirəsi gözlərim önündə canlanırdı”.
“Xalqımız həyatda hər şeydən əziz olan canını torpaq uğrunda qurban verən şəhidlərin xatirəsini çox uca tutub. Onlara verilən ən böyük dəyər adlarının uca tutulmasıdır. Prezidentin verdiyi Fərmana əsasən şəhid hərbi qulluqçulara birdəfəlik ödəmələrin verilməsi onların ailə üzvlərinə göstərilən maddi dəstəkdir. Bütün bunlara görə ailə üzvlərimiz dövlətimizin rəhbəri İlham Əliyevə öz dərin minnətdarlığını bildirir”, - deyə şəhid Şakir Hacıyevin vərəsəsi Sevinc xanım bildirib.