CƏMİYYƏT
SEYSMOLOQLARIN II BEYNƏLXALQ SEMİNARI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) seysmoloqların II beynəlxalq seminarı öz işinə başlamışdır.
“Seysmologiya və seysmik riskin azaldılması amilləri, təbii fəlakətlər zamanı şəhərin və sənaye obyektlərinin mühafizə olunması” mövzusunda seminarın geniş iclasını RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Arif Həsənov açaraq, tədbirin Azərbaycanda instrumental seysmoloji müşahidələrin 100 illiyinə həsr edildiyini bildirdi. O dedi ki, 1902-ci ildə “Şamaxı” seysmik stansiyasının yarandığı vaxtdan keçən müddət ərzində ölkəmizdə bu sahədə xeyli işlər görülmüşdür. Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzi postsovet məkanında aparıcı qurumlardan biridir.
A.Həsənov müxtəlif ölkələrdən gəlmiş görkəmli alimlərin, mütəxəssislərin iştirak etdikləri seminarın keçirilməsinə göstərdikləri maliyyə dəstəyinə görə “Açıq cəmiyyət-Yardım fondu”nun və “Şərq-Şərq” proqramının rəhbərliyinə minnətdarlıgını bildirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Mahmud Kərimov, Dövlət Tikinti və Arxitektura Komitəsi sədrinin birinci müavini Yevgeni Şelaginov təbrik sözü söylədilər.
Seminarın ilk günündə “Güclü zəlzələlərin proqnoz texnologiyası”, “Qafqaz regionunun seysmotektonik deformasiyası”, “Seysmik təhlükənin detallaşdırılması məqsədi ilə paleomaqnit sahələrin istifadəsi”, “Cənubi Xəzər çökəklərinin mənşəyi və geodinamik evolyusiyası”, “Zəlzələ təkanlarının Yer səthində bir mümkün təzahürü haqqında” və başqa mövzularda məruzə dinlənildi.
Seminar iyunun 13-də başa çatacaqdır.