MƏDƏNİYYƏT
Şeyx Əbdül Mahmudov: Mədəniyyətimizin bütün sahələrində köklü dəyişikliklər gözləyirəm
![Şeyx Əbdül Mahmudov: Mədəniyyətimizin bütün sahələrində köklü dəyişikliklər gözləyirəm](/files/2023/1/1200x630/1682024318386135553_1200x630.jpg)
Bakı, 21 aprel, AZƏRTAC
Xalqın milli-mənəvi dəyərləri onun birliyindən başlayır. Əgər bizdə vətənpərvərlik, milli-mənəvi dəyərə, folklora, etnoqrafiyaya, tətbiqi sənət nümunələrinə az-çox məhəbbətimiz varsa, bütün çətinliklərin öhdəsindən gəlmək asan olur. Bu istiqamətdə hər kəs özündən başlamalıdır. Bu, hər kəsin mənəvi ölçüləridir. Çünki üç müqəddəs dəyər var, onun biri xalqdır, biri Vətəndir, digəri isə müstəqilliyimizdir. Bu dəyəri hər kəs içində yaşada bilsə, hər bir çətinliyin öhdəsindən gəlmək mümkün olacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərbaycan Kinosu -125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilən Kino Forumunda iştirak edən kinorejissor, ssenarist, Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.
"Biz zəngin tarixə, böyük mədəniyyətə malik istedadlı və hər şeyi yoluna qoymağa qadir millətik. Dünyada ən böyük kütləvi-ideoloji təbliğat vasitəsi kinodur. "Yeddi oğul istərəm" filmimizin keçən il 50 iliyi idi. Ekran əsərinə dünyanın 148 ölkəsində baxılıb və yenə də izlənilir. Bunun özü dövlətimiz, millətimiz naminə ideoloji təbliğatdır. Kinomuzun inkişafı naminə konkret görə biləcəyimiz işlər ümumilikdə ciddi şəkildə müzakirə olunmalıdır. Burada təşkil olunmuş Kino Forumunda da danışıldı, fikirlər bölüşüldü. Yalnız birlikdə hər şeyə nail ola bilərik. Mədəniyyət nazirini bu gözəl təşəbbüsünə görə ürəkdən təbrik edirəm və çox böyük ümidlə mədəniyyətimizin bütün sahələri üzrə inkişafa doğru köklü dəyişikliklər gözləyirəm, həmçinin buna inanıram", - deyə Xalq artisti vurğulayıb.