Səyyar “ASAN xidmət” Ağdaşda
Ağdaş, 5 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Səyyar “ASAN xidmət” avtobusu Ağdaş rayonunda vətəndaşlara xidmət göstərir. Hazırda səyyar xidmət Ağdaş şəhəri, Heydər Əliyev meydanı 2 ünvanında fəaliyyətini davam etdirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək Ağdaş rayonunda 22 dəfə Səyyar “ASAN xidmət” təşkil olunub və bu müddət ərzində 62 mindən çox vətəndaş müraciəti qeydə alınıb. Səyyar formada göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, eləcə də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuatla iş və kommunikasiyalar sektorunun müdiri Mehdi Məmmədli AZƏRTAC-a açıqlamasında bildirib ki, 2013-cü ildən etibarən həyata keçirilən Səyyar “ASAN xidmət” layihəsi çərçivəsində, ümumilikdə, 3 milyon 286 mindən çox vətəndaş müraciəti qəbul edilib. Onun sözlərinə görə, təkcə 2025-ci il ərzində bu göstərici 173 min 200-dən artıq olub.
Mehdi Məmmədli qeyd edib ki, ötən illərdə olduğu kimi, cari ildə də Səyyar “ASAN xidmət”in fəaliyyət coğrafiyası genişləndiriləcək. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə yaşayan və müvəqqəti məskunlaşan əhalinin dövlət xidmətlərinə rahat çıxışının təmin olunması məqsədilə həmin bölgələrdə də səyyar “ASAN xidmət”in təşkili nəzərdə tutulur. Bu istiqamətdə müvafiq planlaşdırma işləri aparılır.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda əhaliyə dövlət xidmətlərinin yerində və operativ şəkildə çatdırılması üçün xüsusi təchiz olunmuş 10 səyyar xidmət avtobusu fəaliyyət göstərir. Səyyar “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətlərini vətəndaşlar üçün daha əlçatan, şəffaf və innovativ üsullarla təqdim etmək, vətəndaş məmnunluğunu yüksəltməkdir. Bu xidmət modeli, eyni zamanda, dövlət xidmətlərinin ölkə üzrə daha geniş və bərabər şəkildə yayılmasına imkan yaradır.