Qazaxıstan və Pakistan arasında Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı müzakirə edilib
Astana, 4 fevral, AZƏRTAC
Qazaxıstan və Pakistan arasında Trans-Xəzər nəqliyyat dəhlizinin, eləcə də Əfqanıstan ərazisindən keçən tranzit marşrutlarının inkişafı məsələləri müzakirə edilib.
AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə İslamabadda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə aparılan danışıqların yekunlarına dair media qarşısında çıxışı zamanı bildirib.
“Bu kontekstdə biz Pakistanın Kəraçi və Qvadar limanlarının imkanlarını, həmçinin Qazaxıstan-Türkmənistan-Əfqanıstan-Pakistan marşrutu üzrə dəmir yolu layihəsinin həyata keçirilməsi perspektivlərini müzakirə etdik”, - deyə Prezident Tokayev bildirib.
O qeyd edib ki, Baş nazir Şərif Pakistanın tranzit və logistika sahələrində artan rolundan danışıb və bunun Qazaxıstan üçün beynəlxalq bazarlara çıxışda alternativ yollar aça biləcəyini vurğulayıb.
Kasım-Jomart Tokayev keçirilmiş danışıqların məzmunlu və məhsuldar xarakter daşıdığını məmnunluqla qeyd edib. İkitərəfli qarşılıqlı fəaliyyətin bütün spektri üzrə konkret nəticələrin əldə olunmasına yönəlmiş mühüm hökumətlərarası sənədlər qəbul edilib.
“Biz ticarət, nəqliyyat, logistika, sənaye, energetika, informasiya texnologiyaları, həmçinin mədəni və humanitar əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. İqtisadi-ticari qarşılıqlı fəaliyyət sürətli artım nümayiş etdirir. Ötən il ikitərəfli ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə iki dəfə artıb”, – deyə Qazaxıstan Prezidenti vurğulayıb.
Tərəflər əmtəə dövriyyəsinin artırılması üçün konkret tədbirlərin görülməsi barədə razılığa gəlib və yaxın perspektivdə ticarət həcmini 1 milyard ABŞ dollarına çatdırmaq kimi iddialı məqsəd müəyyənləşdiriblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana