Nazir müavini: Azərbaycan Afrikada diplomatik təmsilçiliyi genişləndirir, əməkdaşlıq üçün mövcud potensialı araşdırır VİDEO
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanan xarici siyasəti sayəsində etibarlı tərəfdaş və dialoq platforması kimi mövqeyini möhkəmləndirir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılışında çıxışı zamanı deyib.
Nazir müavini vurğulayıb ki, Azərbaycanın ərazilərinin uzun illər işğal altında qalmasına baxmayaraq, ölkə hər zaman beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə sadiq olub. Bu prinsiplər bu gün də sabit və təhlükəsiz dünya nizamının əsas dayaqları olaraq qalır.
Yalçın Rəfiyev qeyd edib ki, Azərbaycan Şərq ilə Qərb, Şimal ilə Cənub arasında yalnız coğrafi deyil, həm də siyasi körpü rolunu oynayır. Ölkəmiz müxtəlif dövlətlər və siyasi qruplar arasında dialoqun təşviqi üçün etibarlı vasitəçi kimi çıxış edir.
Nazir müavini Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu, C5+1 formatında artıq C6 modelinə keçidin reallaşdığını bildirib. Həmçinin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərinə, Orta Dəhlizin inkişafına və Afrikaya yönəlmiş diplomatik fəallığa diqqət çəkib.
O vurğulayıb ki, Afrika ölkələrinin hamısının Qeyri-Qoşulmama Hərəkatına üzv olması Azərbaycanın bu qitə ilə dəyərlər baxımından ortaq mövqedə olduğunu təsdiqləyir.
Yalçın Rəfiyev, eyni zamanda, Afrika qitəsinin geniş iqtisadi imkanlara malik olduğunu bildirib. Nazir müavininin sözlərinə görə, Azərbaycan Afrikada diplomatik təmsilçiliyini genişləndirməklə paralel olaraq, əməkdaşlıq üçün mövcud potensialın araşdırılmasını davam etdirir. Bu yanaşma həm afrikalı tərəfdaşlarla çevik və effektiv qarşılıqlı əlaqənin qurulmasına, həm də uzunmüddətli institusional əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasına xidmət edir.