Kanada-Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Kanadanın Toronto şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Növbəti nəsil kanadalılar” adlı Kanada-Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Forumun Kanadadakı azərbaycanlı gənclər üçün şəbəkələşmə, liderlik bacarıqlarının inkişafı və milli kimliyin qorunması baxımından vacib platforma olduğunu vurğulayan Komitənin sədr müavini Vaqif Seyidbəyov bu mühitin onların cəmiyyətə inteqrasiyasına və Azərbaycanla bağlarının güclənməsinə töhfə verdiyini qeyd edib.
Kanadadakı Azərbaycan Evinin rəhbəri Lalin Həsənova gənclərin Azərbaycan Evinin imkanlarından səmərəli istifadə etməsinin, milli kimlik və mədəni dəyərlərə daim önəm verməsinin, məskunlaşdıqları ölkədə Vətənimizi layiqincə təmsil etməsinin vacibliyindən danışıb.
Forumda Ontario vilayətinin Turizm, Mədəniyyət və Oyun Biznesi üzrə naziri və Ontario Əyalət Parlamentinin üzvü Stan Çonun “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinə göndərdiyi rəsmi təbrik məktubu səsləndirilib. Məktubda forumun işinə və gənclərə uğurlar arzulanıb.
Digər çıxışçılar gənclərin inkişafına yönələn və onlar üçün faydalı ola biləcək imkanları müzakirə edərək, şəbəkələşməyə xidmət edən bu addımları yüksək qiymətləndiriblər.
Forum işini sessiya və panellərlə davam etdirib.
Təlimçi Pərvin Abdullayeva “Gələcəyin Qurucuları: Gənclər necə innovativ ola bilər, sahibkarlar kimi ünsiyyət qura və idarə edə bilər?” adlı sessiyada gənclərə innovativ düşüncə və liderlik bacarıqlarının inkişafı ilə bağlı tövsiyələr verib. Təlimçi Stiv Elliot isə “Sürətli düşün, təsirli danış: Gələcək liderlər üçün ünsiyyət” mövzusunda ictimai natiqlik təlimi ilə iştirakçıların səmərəli ünsiyyət və təqdimat bacarıqlarını gücləndirməsi üçün maraqlı məsləhətlər səsləndirib.
Forumda, həmçinin “Böyük ideyalar, real hekayələr: uğurlu sahibkarların düşüncələri”, “Öyrənmək, qazanmaq və böyümək: dərslər və karyera arasında”, “Təcrübə səsləri: dərsliklərdə tapmayacağınız dərslər” adlı panellərdə gənclərlə yanaşı, Kanadanın müxtəlif universitetlərində akademik təcrübəsi olan azərbaycanlı professorlar da çıxış ediblər.