WUF13-də müzakirə ediləcək rəqəmsal həllər Azərbaycanın “ağıllı şəhər” layihələrinə töhfə verəcək - ŞƏRH
Bakı, 5 fevral, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü (WUF13) Sessiyasında müzakirə olunacaq rəqəmsal şəhər həlləri Azərbaycan üçün həm mövcud sistemlərin təkmilləşdirilməsi, həm də yeni infrastrukturun qurulması baxımından mühüm tətbiq imkanları yaradır.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov AZƏRTAC-a açıqlamasında bildirib ki, xüsusilə böyük məlumat (Big Data) analitikasının şəhər idarəçiliyinə inteqrasiyası, artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyətində öz əksini tapan intellektual nəqliyyat sistemlərinin daha da genişləndirilməsinə şərait yaradır.
“Bu texnologiyalar AYNA-nın mövcud rəqəmsal idarəetmə mərkəzində toplanan nəqliyyat axını məlumatlarının süni intellekt vasitəsilə daha dərin analizinə, marşrutların optimallaşdırılmasına və sərnişin tələbatının qabaqcadan proqnozlaşdırılmasına imkan verir. Bu cür rəqəmsal həllərin tətbiqi həm də "rəqəmsal əkiz" (Digital Twin) modelləri vasitəsilə şəhərin yükünü simulyasiya etməyə kömək edir. İşğaldan azad edilmiş ərazilərdə, xüsusən Ağdam və Füzulidə sıfırdan qurulan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, bərpaolunan enerji resurslarının idarə edilməsi və tullantıların avtomatlaşdırılmış monitorinqi üçün real baza rolunu oynayır. Forumda müzakirə ediləcək qlobal standartlar Azərbaycanın bu istiqamətdəki yerli təcrübəsini beynəlxalq tələblərə uyğunlaşdırmaq və şəhər infrastrukturunu həm ekoloji, həm də rəqəmsal baxımdan daha dayanıqlı etmək üçün strateji yol xəritəsi təqdim edir”, - deyə E.Abbasov qeyd edib.