Türkiyədə zəlzələdən zərər görən məscid və kilsələr bərpa edilir
Hatay, 5 fevral, AZƏRTAC
Türkiyənin on bir vilayətində 2023-cü ilin fevral ayında baş verən zəlzələlər nəticəsində qismən və ya tamamilə dağılmış mədəni və tarixi irs obyektləri bərpa edilir.
AZƏRTAC xəbər verir ki, fəlakətin üçüncü ildönümündə jurnalistlər Hatayın mərkəzində yerləşən məşhur Həbib-i Nəcar məscidini ziyarət ediblər. Cəmi bir il əvvəl məscid ərazisi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Vəqflər Baş İdarəsinin himayəsi altında bərpa işləri üçün tikinti sahəsi idi.
Hatay vilayəti üzrə Türkiyə Dini Vəqflərinin direktoru Adəm Bozkurt AZƏRTAC-a bildirib ki, Həbib-i Nəcar məscidi eramızın 638-ci ilində Türkiyənin cənubunda ərəb müsəlmanları tərəfindən qurulan ilk məscid hesab olunur.
A. Bozkurt izah edib ki, əfsanəyə görə, tarixi məscidin yerində əvvəlcə 1840-cı illərdə bir xristian tərəfindən qurulan kilsə olub. Xristian təbliğatçısı və dülgər Həbib-i Nəcar qəzəblənmiş yerli sakinlər tərəfindən öldürülüb və onun qalıqları VII əsrdən bəri məscidin fəaliyyət göstərdiyi yerdə basdırılıb. Əsrlər boyu məscid azı səkkiz dəfə yenidən qurulub.
“Həbib-i Nəcar məscidinin təməli gələcəkdə baş verə biləcək zəlzələlərə qarşı möhkəmləndirilib. Dövlət bölgəmizin tarixi irsini bərpa etmək üçün bütün səyləri göstərir”, - deyə o vurğulayıb.
Media nümayəndələrinə dünyanın ən qədim xristian məbədlərindən biri - mağaraya bənzər Müqəddəs Pyotr kilsəsi də göstərilib.
Rəvayətə görə, həvari Pyotr burada kiçik bir daş mağarada dua edib və moizə oxuyub. Bu mağara sonradan şəhərin ilk xristianlarının toplaşdığı məkana çevrilib.
Kilsənin xarici divarı da 2023-cü ildə baş verən zəlzələlər nəticəsində zədələnib və Türkiyə hökuməti tərəfindən bərpa edilib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Hatay