“Zayed İnsan Qardaşlığı Mükafatı” regionda sülhün bərqərar olmasına verilən beynəlxalq qiymətdir RƏY
Bakı, 5 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlətimizin başçısının regionda sülhün bərqərar olunması istiqamətində apardığı ardıcıl və prinsipial siyasətə beynəlxalq səviyyədə verilən yüksək qiymətin bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O bildirib ki, Prezident İlham Əliyevin sülh siyasətinin ən mühüm və əsas nəticəsi, hər şeydən əvvəl, Azərbaycan xalqı üçün sülhün təmin olunmasıdır: “Xalqımızın sülh şəraitində yaşamaq hüququ 30 ildən artıq müddətdə pozulmuşdu. Azərbaycan torpaqları işğal altında idi və bu illər ərzində hər gün itkilərimiz, şəhidlərimiz olurdu. Normal və təhlükəsiz həyat mümkün deyildi. Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi və yaratdığı güclü ordu nəticəsində bu vəziyyətə son qoyuldu və ölkəmizdə real sülh təmin olundu”.
H.Babaoğlu qeyd edib ki, əldə edilən sülh təkcə Azərbaycan üçün deyil, bütövlükdə region, o cümlədən Ermənistan cəmiyyəti üçün də mühüm əhəmiyyət daşıyır: “Uzun illər davam edən münaqişə Ermənistan daxilində də daimi gərginlik və qeyri-sabitlik yaradırdı, regional inteqrasiya və ümumi rifah üçün ciddi təhlükə mənbəyi idi. Bu baxımdan Prezident İlham Əliyevin yaratdığı sülh yeni regional reallıqlar formalaşdırmaqla yanaşı, Cənubi Qafqazı inteqrasiya və əməkdaşlıq yoluna çıxarıb”.

Deputat vurğulayıb ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” digər sülh mükafatlarından mahiyyət etibarilə fərqlənir. Bu mükafat sivilizasiyalararası dialoqa, müxtəlif dinlər və mədəniyyətlər arasında anlaşmaya və sülhün təşviqinə xidmət edən liderlərə təqdim olunur. Mükafatın təsisçilərindən birinin Roma Papası, digərinin isə nüfuzlu müsəlman din xadimi olması onun universal və multikultural dəyərlərə əsaslandığını göstərir.
“Bu mükafat inancından, dinindən, irqindən və mənsubiyyətindən asılı olmayaraq bütün insanlara bərabər yanaşan, sülh və humanizm dəyərlərini təşviq edən liderlərin fəaliyyətinə verilən qlobal qiymətdir. Bu kontekstdə Prezident İlham Əliyevin fəaliyyəti tamamilə doğru və obyektiv şəkildə qiymətləndirilib. Dövlətimizin başçısının yaratdığı yeni siyasi reallıqlar Cənubi Qafqazda sülh və inteqrasiya proseslərini sürətləndirib. Xüsusilə ötən ilin avqustundan sonra bu istiqamətdə artıq konkret və praktik addımlar atılıb”, - deyə H.Babaoğlu bildirib.
Onun fikrincə, dünyanın müxtəlif bölgələrində müharibələrin və təhlükəsizlik risklərinin artdığı bir dövrdə Azərbaycanın təqdim etdiyi sülh modeli nadir və unikal nümunədir. Bu, postsovet məkanında, eləcə də Yaxın Şərq və Balkanlar kimi mürəkkəb regionlarda davam edən münaqişələr fonunda sülhlə nəticələnən yeganə müharibə modelidir. Azərbaycan ədalətli müharibə apararaq sülhə nail oldu və bu, Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri, diplomatik bacarığı və qətiyyəti sayəsində mümkün oldu.
Deputat sonda vurğulayıb ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi həm dövlətimizin başçısının beynəlxalq nüfuzunu artıracaq, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində daha təsirli aktora çevrilməsinə xidmət edəcək.