Züleyxa Qarayeva-Bağırova: Atamın doğum günündə mənzilimizin qapısı hər kəsin üzünə açıq olub
Bakı, 5 fevral, Anara Axundova, AZƏRTAC
Bu gün - fevralın 5-də Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dahi bəstəkar, akademik, tanınmış alim, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunur.
Bəstəkarın qızı, pianoçu Züleyxa Qarayeva-Bağırova AZƏRTAC-ın müxbiri ilə söhbətində ailə xatirələrini bölüşüb.
Fevralın 5-də artıq xatirə gününə çevrilmiş bir ad gününü qeyd edirik. Amma xatirələr bizi hələ də o uzaq illərə - bütün ailənin bir yerdə olduğu, uşaqların böyüdüyü, nənələrin evdə həyata, nizama və gündəlik işlərə töhfə verməyə çalışdıqları vaxtlara aparır.
Geriyə dönüb baxanda, gündəlik həyatımızı, sərt rejimimizi və nizam-intizamı xatırlayıram. Ona görə də heç bir xüsusi qonaqlığı və ya dəbdəbəli ziyafətləri yada sala bilmirəm. Əslində, yox — Nazim Hikmətin şərəfinə şam yeməyi və dirijor Rudolf Barşayın iştirakı ilə 3 nömrəli Simfoniyanın premyerasından sonra qəbul olmuşdu. Üstəlik, həmin axşam hər bir musiqiçinin solist qismində çıxış etdiyi bütün Dövlət Kamera Orkestri də dəvət olunmuşdu. Yeri gəlmişkən, bu orkestr indi Qara Qarayevin adını daşıyır.
Fevralın 5-i atam, bəstəkar Qara Qarayevin doğum günüdür. Həmin gün valideynlərimiz çox vaxt Bakıda olmurdular. Belə olan halda, Fərəclə mən atama teleqram göndərirdik. Onlar evdə olanda isə deyə bilmərəm ki, xüsusi qonaqlar dəvət olunurdu və ya hər hansı özəl ziyafət hazırlanırdı. Amma həmin gün həmişə süfrə açılır, masaya şirin piroqlar və şirniyyatlar düzülür, mənzilin qapısı doğum gününü xatırlayan və bilən, gəlib onu təbrik etmək istəyən hər kəs üçün açıq olurdu.

Fərəclə mən də bu günə müəyyən hazırlıq görməyə çalışırdıq və atama nə hədiyyə edəcəyimiz barədə düşünürdük. Adətən, hər hansı kitab, val və ya not almağa qərar verirdik. Bahalı hədiyyələr vermək bizim ailədə adət deyildi. Atam özü həmişə bizim üçün kitablar seçir və onları öz yazısı ilə hədiyyə edirdi. Mən həmin kitabların çoxunu hələ də kitabxanamda saxlayıram.
Günlərin birində nənəm Sonya - atamın anası Sona xanım fevralın 5-də səhər bizə gəldi. O, atama müraciət edərək dedi: “Doğum günün mübarək! Sənə dahi bəstəkarın büstünü hədiyyə etmək qərarına gəldim. Qoy sənin royalının üstündə qalsın. Mən onu güclə daşıya bildim. Necə də ağırdır”.
Həqiqətən, büstü qaldırmaq çox çətin idi.
Bu gün Qara Qarayevin dünyaya gəldiyi mənzildə onun muzeyi açılıb. Orada bəstəkarın şəxsi əşyalarından ibarət çoxlu eksponat var. Otaqların birindəki bufetin üzərində isə məhz P. İ. Çaykovskinin həmin büstünü görmək olar. Çox da böyük deyil. Kabinet üçün uyğundur.
Sona xanım öz oğluna P. İ. Çaykovskinin büstünü, bizə isə bəstəkar Qara Qarayevi ərməğan etdi...
