4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib
Bakı, 5 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq” Proqramına qoşulan 15 müəssisədə qiymətləndirilmə prosesi başa çatıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, qiymətləndirmə nəticəsində müəssisələrin texnoloji transformasiya və dayanıqlı inkişaf üzrə hazırlıq səviyyələri təhlil edilib. Proses ərzində yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə müəssisələrin hər birində yerində qiymətləndirmələr aparılıb. İstehsal prosesi, əməliyyatların idarə edilməsi, texnoloji infrastruktur, avtomatlaşdırma səviyyəsi və rəqəmsallaşma göstəriciləri qeydə alınıb. Bununla yanaşı, müəssisələrdə enerji səmərəliliyi, resursların idarə olunması, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə sahələri üzrə mövcud vəziyyət araşdırılıb.
Qiymətləndirmə nəticələrinə əsasən biznes subyektlərinə transformasiya üzrə fərdi yol xəritələri təqdim edilib. Yol xəritələrinin icrası müəssisələrin daha çevik, məlumatlara əsaslanan və dayanıqlı istehsal mühitinə keçidini sürətləndirəcək.
“Sənaye 4.0 Hazırlıq” Proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün strategiya” çərçivəsində “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” tədbiri çərçivəsində həyata keçirilir. Bu proqram Azərbaycan sənayesində texnoloji transformasiyanın təşviqi, innovasiya əsaslı istehsal modellərinin tətbiqi, əməliyyat səmərəliliyinin yüksəldilməsi və rəqəmsallaşma imkanlarının genişləndirilməsi məqsədi daşıyır. Proqrama qoşulan müəssisələr beynəlxalq metodologiya əsasında qiymətləndirilir və bu müəssisələrin hər biri üçün inkişafla bağlı fərdi yol xəritəsi hazırlanır. Yol xəritələrinin icrası zamanı ekspert və maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.
Proqrama metallurgiya, tikinti materialları, qida sənayesi, yüngül sənaye və pərakəndə ticarət sahələrində fəaliyyət göstərən 15 müəssisə qoşulub.