REGİONLAR
Səyyar “ASAN xidmət” avtobusu Lənkəranda
Lənkəran, 13 iyun, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi məqsədilə zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada əhaliyə xidmətlər göstərməyə davam edir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsində məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səyyar “ASAN xidmət” avtobusu iyunun 10-dan başlayaraq Lənkəran sakinlərinə xidmət göstərir.
Əhaliyə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə aşağıdakılar daxildir-notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.
Vətəndaşlara göstərilən səyyar xidmətlər koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla həyata keçirilir.
Səyyar “ASAN xidmət” avtobusu iyunun 25-dək rayon sakinlərinə xidmət göstərəcək.