Səyyar ASAN xidmət Laçında
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində əzəli torpaqlarına qayıtmış vətəndaşlara dövlət xidmətlərinin daha rahat, əlçatan və şəffaf formada təqdim edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Bu çərçivədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən növbəti Səyyar ASAN xidmət Laçın şəhərində təşkil edilib.
Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 30-dək vətəndaşlar şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat xidmətləri, əmlak xidmətləri və əmək pensiyalarının təyin edilməsi xidmətlərindən yararlana bilirlər.
Bu günədək Səyyar ASAN xidmət çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində, Ağdərə rayonunun Talış kəndində, Cəbrayıl və Xankəndidə də vətəndaşlar səyyar xidmətlərdən yararlanıblar.