Səyyar “ASAN xidmət” qatarının növbəti ünvanı Şirvan şəhəri olub
Şirvan, 19 dekabr, Mahir Babayev, AZƏRTAC
Səyyar “ASAN xidmət” qatarının növbəti dayanacağı Şirvan şəhəri olub. Xidmətin üç vaqondan ibarət qatarı dekabrın 14-dən Şirvan şəhərindədir. Şirvan şəhər və ətraf rayonların sakinləri dekabrın 28-dək Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təqdim etdiyi xidmətlərdən yararlanmaq imkanı qazanıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş gün ərzində 300-dən çox bölgə sakini göstərilən xidmətlərdən faydalanıb. Sakinlər “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaşlıq pasportlarının alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Şirvan səyyar “ASAN xidmət”in əməkdaşı Tərlan Mirhəsənli bildirib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və “Azəriqaz” tərəfindən göstərilən xidmətlər daxildir.