SİLAHLI QÜVVƏLƏRİN BİR QRUP ZABİTİNƏ YENİ MƏNZİLLƏRİN ORDERLƏRİ VERİLMİŞDİR
Bu münasibətlə keçirilən mərasimdə müdafiə naziri general-polkovnik Səfər Əbiyev çıxış edərək bildirmişdir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev Silahlı Qüvvələrimizə gündəlik qayğını daim diqqət mərkəzində saxlayır. Son illərdə onun rəhbərliyi ilə Azərbaycanın hərbi potensialı bir neçə dəfə artmış və ordunun maddi-texniki bazası yeniləşmişdir. Hərbi qulluqçuların məişət və xidmət şəraitinin yaxşılaşdırılması, həmçinin sosial problemlərin həlli istiqamətində ciddi addımlar atılır.
Nazir demişdir: “Bildiyiniz kimi bu yaxınlarda, Silahlı Qüvvələr günü ərəfəsində, Azərbaycan Respublikasının Prezidenti bir qrup zabitə yeni mənzillərin orderlərini təqdim etmişdir. Bu ənənə bu gün də davam etdirilir. Mən sizə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyevin adından yeni mənzillərin orderlərini təqdim edir, hər birinizə ailə səadəti, hərbi xidmətinizdə uğurlar və ərazi bütövlüyümüzün bərpası işində müvəffəqiyyətlər arzulayıram”.