Şimal-qərb bölgəsinin məktəbliləri “İqtisadiyyat müsabiqəsi”ndə uğur qazanıblar
Şəki, 19 iyun, AZƏRTAC
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və İqtisadi-Sosial İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İqtisadiyyat müsabiqəsi 2026”nın ölkə üzrə finalçıları və qalibləri müəyyənləşib. Müsabiqənin qalibləri sırasında şimal-qərb bölgəsinin iki məktəblisi də yer alıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müsabiqənin nəticələrinə əsasən, Balakən rayonu Talalar kənd 1 nömrəli tam orta məktəbin şagirdi Şəfa Osmanova uğurlu çıxışı ilə seçilərək, Yunanıstanda keçiriləcək beynəlxalq final turunda ölkəmizi təmsil etmək hüququ qazanıb.
Balakən rayonunun daha bir məktəblisi - Hənifə kənd tam orta məktəbin şagirdi Emilya Köklərova isə Azərbaycan və rus dili bölmələri üzrə ölkə qalibi adına layiq görülüb.