Şimal rayonlarında V Ümumrespublika Forumunda iştirak edəcək uşaqlar seçilib VİDEO
Quba, 3 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Bu ilin noyabr ayında Bakıda keçiriləcək Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrin seçimi məqsədilə sentyabrın 3-də Quba, Qusar və Xaçmaz rayonlarında namizəd uşaqlarla görüşlər təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən keçirilən seçim mərhələsində bu rayonların hər birindən sosial fəallığı ilə seçilən və fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran 13-17 yaş arasında 20 namizəd uşaq iştirak edib. Görüş zamanı uşaqların bacarıqlarının üzə çıxarılması üçün onlara suallar ünvanlanıb, qiymətləndirmə aparılıb. Seçim aparılarkən, ilk növbədə, uşaqların liderlik, təşəbbüslə çıxış etmək, insanlarla ünsiyyət qurmaq, şəbəkə yaratmaq bacarıqlarına diqqət yetirilib, gələcək planları barədə fikirləri öyrənilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova bildirib ki, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu Regional İnkişaf İctimai Birliyi (RİİB) və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə təşkil ediləcək. Uşaq forumlarının keçirilməsində məqsəd uşaq hüquqlarının qorunması və təbliğinə nail olmaq, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərini nəzərə almaq, onların maraqlarını qorumaq, uşaqlara öz problemlərini qaldırmaq, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq, dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin diqqətini uşaqların hüquq və azadlıqlarının qorunmasına yönəltməkdir.
Seçim mərhələsinin yekununa əsasən rayonlarının hər birindən sosial fəallığı ilə fərqlənən 2 uşaq V Ümumrespublika Forumunda iştirak edəcək.