ŞİRVAN MİLLİ PARKININ DİREKTORU ELDAR SARIYEVİN ÇIXIŞI
Hörmətli xanımlar və cənablar!
Bu gün respublikamızda yaradılmış ilk milli parklardan birini - Şirvan Milli Parkının rəsmi açılış mərasimidir.
Gözəllik rəmzi, nadir fauna növü olan ceyranın nəslinin kəsilməsi təhlükəsini aradan qaldırmaq və onun mühafizəsinin təşkili məqsədi ilə hələ 1961-ci ildə Bəndovan dövlət yasaqlığı yaradılmışdı.
Ümumi sayı cəmi 77 baş qalmış ceyranın qorunub saxlanaraq çoxaldılması məqsədi ilə Azərbaycanda ekologiya elminin banisi, mərhum akademikimiz Həsən Əliyevin təşəbbüsü ilə 1969-cu ildə Bəndovan dövlət yasaqlığının 25 min hektar ərazisində Şirvan Dövlət Qoruğu yaradılmışdır. Şirvan Dövlət Qoruğunun problemləri onu həmişə narahat etmişdir. Belə ki, o, burada qanunsuz olaraq çoxlu sayda heyvandarlıq təsərrüfatlarının yerləşdirilməsinin və mal-qaranın otarılmasına qarşı daim mübarizə aparmışdır. Lakin son illərə qədər bu problemin həlli mümkün olmamışdır.
Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab Heydər Əliyevin 2001-ci ilin may ayında imzaladığı Fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldıqdan sonra, digər sahələrdə olduğu kimi, xüsusi mühafizə olunan təbiət ərazilərində də mühüm işlər görülmüşdür. O cümlədən, Avropada yalnız Azərbaycanda təbii halda qalmış ceyranın qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədi daşıyan Şirvan Dövlət Qoruğunda son 30-40 ildə həll olunmayan problemlər öz həllini tapmış, xüsusilə qoruğun mühafizə rejiminə ciddi ziyan vuran, təxminən 25-30 min baş mal-qara qoruqdan çıxarılmışdır.
Əldə olunan nailiyyətlər möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin təbiətə olan diqqət və qayğısının nəticəsidir. Məhz Prezidentimizin 2003-cü il 5 iyul tarixli Sərəncamı ilə Şirvan Milli Parkı yaradılmış və onun ərazisi 54 min hektara çatdırılmışdır.
Bu gün Şirvan Milli Parkının rəsmi açılış mərasimində cənab Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Baş naziri hörmətli cənab İlham Əliyevin iştirakı bizi hədsiz dərəcədə sevindirir.
Ətraf mühitin mühafizəsi istər Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri Heydər Əliyevin, istərsə də Baş nazir möhtərəm İlham Əliyevin siyasi xəttində mühüm yer tutur ki, bu da xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Şirvan Milli Parkının açılışında şəxsən iştirak etdiyinə görə möhtərəm İlham Əliyevə bir daha dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirəcəyik.
X X X
Baş nazir İlham Əliyev mərasimdə çıxış etdi.