SİTES VƏHŞİ HEYVAN VƏ BİTKİ TİCARƏTİ HAQQINDA MƏLUMAT YERLƏŞDİRİLƏN SAYT TƏQDİM ETMİŞDİR
Bakı, 28 avqust (AZƏRTAC). Nəsli və kökü kəsilməkdə olan vəhşi fauna və flora növləri ilə beynəlxalq ticarət barədə Konvensiya (SİTES) tərəfləri Konfransının Katibliyi yeni saytın yaradıldığını elan etmişdir. Saytda beynəlxalq nəzarət altında olan vəhşi heyvan və bitki alveri barədə informasiya yerləşdirilmişdir.
SİTES çərçivəsində ticarətin həcminə dair sorğu kitabı BMT-nin Ətraf Mühit Proqramının (YUNEP) sərəncamındadır və vəhşi flora- fauna ticarətinə monitorinq üçün nəzərdə tutulmuşdur.
Yeni mexanizm beynəlxalq alverin vəhşi heyvan və bitki növlərinin nəslinin və kökünün kəsilməsinə təsirinin qarşısının alınmasının təmin edilməsi üçün yaradılmış qurumun - SİTES-in 35-ci ildönümü münasibətilə işə salınmışdır. Konvensiya 1975-ci ildə Vaşinqtonda qəbul edilmişdir.
Nadir bitki, heyvan və balıq növləri SİTES-in siyahısına düşən kimi hər birinin statusundan asılı olaraq nəzarətdən tutmuş tam qadağa qoyulanadək beynəlxalq ticarətə ciddi nəzarət olunur. Konvensiyanın iştirakçısı olan 175 dövlətin əksəriyyəti vəhşi təbiət obyektlərinin idarə olunması mexanizmlərində islahatlar apararaq, bu sahədə kommersiya fəaliyyətini beynəlxalq hüququn tələblərinə uyğunlaşdırmışlar.
Qeyd edək ki, Azərbaycan nəsli və kökü kəsilməkdə olan vəhşi flora və fauna növləri ilə beynəlxalq ticarət haqqında Konvensiyanı 1998-ci ilin iyununda ratifikasiya etmişdir.
Xəzər regionunda qiymətli ov növü olan nərəkimilərin mühafizəsi və çoxaldılması məsələlərinə xüsusi diqqət yetirilir. Son on ildə region ölkələrinə SİTES-in xüsusi kvotaları təqdim olunur.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi hələ 2002-ci ildə ağbalıq və qayabalığı ehtiyatlarının vəziyyətindən narahatlığını bildirmiş və Xəzərin Bioresursları Komissiyasının iclaslarında həmin balıqların kommersiya məqsədi ilə ovlanmasına moratorium qoyulmasına cəhd göstərmişdi. Lakin o vaxt Xəzəryanı ölkələrdən heç biri Azərbaycanın təşəbbüsünü dəstəkləməmişdi. Lakin 2007-ci ildə SİTES-in katibliyi 12.9 qətnaməsinə düşəlişini edərək, tərəflərə nərəkimilərin bu və ya digər növünün ovuna birtərəfli qaydada moratorium qoyulması barədə qərar qəbul olıunmasını tövsiyə etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunu nəzərə alaraq 2009-cu ildə ağbalıq və qayabalığının kommersiya məqsədi ilə ovlanmasından birtərəfli qaydada imtina etməsi barədə bəyanat vermişdir.