Siyəzəndə onlayn rəsm müsabiqəsinə 40-a yaxın əl işi təqdim olunub
Siyəzən, 12 may, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə yeniyetmə və gənclər arasında COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilən “Biz birlikdə güclüyük!” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin Təhsil şöbəsi ilə birgə təşkil etdiyi müsabiqəyə 40-a yaxın əl işi təqdim olunub.
Müsabiqənin keçirilməsində əsas məqsədi dövlət başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, pandemiya zamanı xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik duyğularını, səhiyyə işçilərinin və hüquq mühafizə orqanlarının əməkdaşlarının göstərdikləri fədakarlığı təbliğ etməkdir. Bununla yanaşı, müsabiqə yeniyetmə və gənclərin evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirməsinə dəstək vermək, istedadlı və qabiliyyətli yeniyetmə və gəncləri aşkara çıxarmaq, həmçinin onların asudə vaxtlarını səmərəli və faydalı təşkil etməyə xidmət edir.
Mayın 12-də yekun vurulan müsabiqədə münsiflər heyətinin qərarına əsasən şəhər 3 saylı tam orta məktəbin şagirdi Aişə Əsgərova birinci, Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdi Nicat Adilov ikinci, şəhər 2 və 3 saylı tam orta məktəblərin şagirdləri Aytac Əliyeva və İsgəndər Ağamalıyev üçüncü yeri qazanıblar. Bundan başqa şagirdlər Səbinə Əsədova, Nərmin Rəsulova, Dilşad Babayeva, Fatimə Ağayeva, Züleyxa Babayeva, Şadxanım Abasəliyeva həvəsləndirici yerlərə layiq görülüblər.
Qaliblər xüsusi karantin rejimi bitdikdən sonra mükafatlandırılacaq.