Slovakiyanın alman faşizmindən azad edilməsində şücaət göstərmiş həmvətənlərimizin xatirəsi anılıb
Bratislava, 10 may, AZƏRTAC
İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbə münasibətilə Bratislavada yerləşən hərbi-memorial kompleksi - “Slavin”də və Bratislavanın faşistlərdən azad olunmasında şücaət göstərmiş əsgərlərin şərəfinə ucaldılmış “Qələbə monumenti” abidə-kompleksində ənənəvi anım mərasimləri keçirilib.
Slovakiyanın Prezident Aparatının, Nazirlər Kabinetinin əməkdaşlarının, parlamentin üzvlərinin, Bratislavanın meriyasının, diplomatik korpusun və İkinci Dünya müharibəsi veteranlarının iştirak etdiyi bu tədbirlərə Azərbaycanın Slovakiyadakı diplomatik nümayəndəliyinin rəhbəri və müvəqqəti işlər vəkili Cəfər Hüseynzadə, ölkəmizin Bratislavadakı fəxri konsulu Cəlal Qasımov və həmin ölkədə təhsil alan azərbaycanlı tələbələr qatılıblar.
6845 nəfər sovet əsgərinin dəfn olunduğu hərbi-memorial kompleksi - “Slavin”də İkinci Dünya müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsi ehtiramla yad edilib, Azərbaycan bayrağı ucaldılıb və abidə qarşısında əklil qoyulub.
Xatırladaq ki, Azərbaycanın Slovakiyadakı diplomatik nümayəndəliyi və fəxri konsulluğu tərəfindən İkinci Dünya müharibəsi zamanı qırmızı ordu sıralarında Slovakiya ərazisində döyüşmüş və dəfn edilmiş 281 nəfər Azərbaycan əsgər və zabitinin adları aşkar edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava